Novruza aid bayatılar | Novruz bayatıları

 

Günəş nurun saçıbdı,
Soyuq qorxub qaçıbdı.
Məşələrdə, bağlarda
Novruzgülü açıbdı.

 

Dəyirmanda dən oldu,
Kef-damağı şən oldu,
Novruz bayramı gəldi,
Gece-gündüz tən oldu.

Novruza aid bayatılar | Novruz bayatıları

Sürü deyil, naxırdı,
Qazan dibi paxırdı.
Sonuncu çərşənbənin,
Öz adı İlaxırdı.

 

Uca dağın qaşı var,
Ətəyində daşı var.
Novruzun süfrəsində
Zəfəranlı aşı var.

 

Mən aşiqəm halı var,
Dəymişi var, kalı var.
Novruzda gənc qızların
Axşam qulaq falı var.

 

Mən aşiqəm oyular,
Həm doğranar, soyular.
Novruzun süfrəsinə.
Mütləq balıq qoyular.

 

Mən aşiqəm üzülər,
Qara gözlər süzülər,
Novruzun süfrəsinə
Yeddi nemət düzülər.

 

Atı çapdım cilovla,
Balıq tutdum tilovla,
Açdım Novruz süfrəsin,
Bayram keçdi plovla.

 

Ordan axan arxdımı,
Üzündə duvaqdımı?
Novruz gəlib yetişdi
Ayrı duran vaxtdımı?!

 

Çərşənbə çay içində,
Ox atdım yay içində.
Tanrı muradım versin
Bu gələn ay içində.

 

Çərşənbənin bəndi var,
Yetmiş yeddi fəndi var.
Hansı qapıdan girsən,
Noğulu var, qəndi var.

 

Bu şeirdi, qəzəldi;
Solub düşən xəzəldi.
Çərşənbələrin ilki
Yalançıdı, Əzəldi.

 

Pərdə aldım, tül oldu,
Taxılım sünbül oldu.
İkinci çərşənbənin
Eldə adı “Kül oldu”.

 

Əzizim, bülbüləm mən,
Boy atmış sünbüləm mən,
Çərşənbələr içində
Üçüncüyəm, Güləm mən.

 

Çətin yollar yaran quş,
Sığallanıb daran quş.
Baharın müjdəçisi
Şanapipik, qaranquş

 

Varı qoyun-quzudu,
Çörəyidi, duzudu.
Təbiətin bayramı
Bahar, yaz Novruzudu

 

Mən aşiq xoşa gəldi,
Oxudu coşa gəldi,
Sevimli bahar fəsli,
Novruzla qoşa gəldi.

 

Sözü-söhbəti azdı,
Çığrışan ördək, qazdı.
Novruzun “Kosa”sında
Keçəlin başı dazdı.

 

Mən aşiqəm alışar,a
Zəhmət çəkər, çalışar.
Novruz günü gələndə
Küsülülər barışar.

 

0 şərh